Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriya"sı (bundan sonra — Laboratoriya) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 12 nömrəli qərarı ilə yaradılmışdır.

Laboratoriya kimyəvi və toksikoloji laborator müayinələr aparan, ölkə ərazisindəki laboratoriyalara metodiki və təcrübi köməklik göstərməklə istinad laboratoriyası qismində çıxış edən, həmçinin toplanan məlumatların statistik təhlilini və ümumiləşdirilməsini həyata keçirən publik hüquqi şəxsdir.

Laboratoriya "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.5.3-cü yarımbəndinə əsasən yaradılmışdır.

Laboratoriya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, "Əhalinin sağlamlığının qorunması haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında" və "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və digər normativ hüquqi aktları, Nizamnaməsini, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qərar, əmr və sərəncamlarını rəhbər tutur.

Fəaliyyətin məqsədi və istiqamətləri

Laboratoriyanın fəaliyyətinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsidir. Bu məqsədə aşağıdakı istiqamətlər üzrə nail olunur:

  • Kimyəvi və toksikoloji müayinələrin yüksək dəqiqliklə aparılması.
  • İstinad (referens) laboratoriyası kimi ölkə laboratoriyalarına metodiki və təcrübi dəstəyin göstərilməsi.
  • Toplanan məlumatların statistik təhlili və ümumiləşdirilməsi.
  • Elmi-tədqiqat işlərinin aparılması.
  • Beynəlxalq istinad laboratoriyaları ilə əməkdaşlığın təmin edilməsi.
  • Profil üzrə aparılmış müayinələrin şübhəli nəticələrinin dəqiqləşdirilməsi.

Laboratoriya fəaliyyət istiqamətləri üzrə tibb mütəxəssislərinin hazırlanması və yenidən hazırlanması ilə məşğul olan təhsil müəssisələri ilə müqavilə əsasında klinik baza kimi istifadə oluna bilər.